Bakı. 22 iyul. REPORT.AZ/ Yaponiya Səhiyyə Nazirliyi bəyan edib ki, 2017-ci ildə ölkədə orta ömür həddi rekord səviyyəyə çatıb.
"Report"un məlumatına görə, ötən il Yaponiyada kişilər üçün orta ömür həddi 81,09 yaş təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 0,11 qədər çoxdur. Qadınlar üçün isə bu rəqəm 87,26 yaşa bərabər olub və bu da əvvəlki göstəricidən 0,13 qədər çoxdur.
Yaponiyada həm kişilər, həm də qadınlar üçün bu göstərici altı ildir ki, dayanmadan artır. Yapon qadınlar uzunömürlülüyə görə Honkonq qadınlarından sonra dünyada ikinci yeri tuturlar.
Yapon kişilər isə həmin göstərici üzrə üçüncü yerdədirlər. Onlar Honkonq və İsveçrə kişilərindən geri qalırlar.