Bakı. 31 avqust. REPORT.AZ/ Yaponiyanın İvate prefekturasının "Layonrok" qasırğası səbəbindən su basmış İvaidzumi şəhərindəki qocalar evində 9 təqaüdçünün meyiti tapılıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə prefektura polisi məlumat yayıb.
Qocalar evində dünyasını dəyişmiş şəxslərin ölüm səbəbi hələlik açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Bundan əvvəl məlum olub ki, təbii fəlakət zamanı su basmış qonşu Kudzi şəhərində də bir qadının cəsədi tapılıb.
Ümumilikdə "Layonrok" qasırğası səbəbindən 110-dan çox daxili aviareys, yüzlərlə məktəbdə dərs təxirə salınıb. Eyni zamanda yerli sakinlər təxliyə olunub.