Bakı. 26 dekabr. REPORT.AZ/ Yaponiyada istehlak qiymətləri üç ay davam edən enmədən sonra noyabrda az da olsa artım nümayiş etdirib. Bununla bərabər, rəsmi statistikaya əsasən neftin qiymətində enmə qeydə alınıb.
Yaponiya Statistika Bürosunun məlumatına görə, təzə qida məhsulları istisna olmaqla istehlak qiymətlərinin illik ifadəsində 0,1 faiz artım müşahidə edilib. Bloomberg agentliyinin ekspertləri bu göstəricinin dəyişməyəcəyini proqnozlaşdırırdılar.
Qida məhsulları və enerji daşıyıcılarının dəyəri nəzərə alınmadan istehlak qiymətlərinin artımı 0,9 faiz təşkil edib ki, bu da proqnozda nəzərdə tutulduğundan (0,8 faiz) çoxdur .
Yaponiyada noyabrda inflyasiyanın ümumi göstəricisi 0,3 faiz artıb və bu, oktyabrdakı göstərici və analitiklərin proqnozu ilə üst-üstə düşür.
Ötən ay istehlak məsrəfləri illik ifadədə 2,9 faiz azalıb. Ekspertlər bunun 2,2 faiz olacağını proqnozlaşdırmışdılar.