Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ-nin Silahlı Qüvvələri coğrafiyası bütün Yaponiyaya yayılacaq genişmiqyaslı birgə “Keen Sword” təlimləri keçirməyə başlayıb.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, iki ildən bir keçirilən, xüsusilə hava və raket hücumundan müdafiənin tətbiq olunduğu təlimlər noyabrın 1-dək davam edəcək.
Yaponiyanın Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, təlimdə tərəflərin şəxsi heyətinin koordinasiyası, birgə hava əməliyyatları, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə, əsas infrastrukturun və ucqar Yaponiya adalarının mühafizəsi həyata keçiriləcək. Hər iki tərəfdən təlimlərdə hər üç qoşun növü - quru, dəniz və hava qüvvələri iştirak edəcək. Həmçinin bu il Avstraliya Silahlı Qüvvələri də təlimlərə qatılacaq.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 45 minə yaxın hərbi qulluqçu - Yaponiya tərəfdən 33 min, Amerika tərəfdən isə 12 min iştirak edəcək. Həmçinin Yaponiya və ABŞ bu il “Keen Sword” təlimlərinə 40 gəmi və 370 təyyarə cəlb edəcək.
Qeyd olunur ki, təlimlərə müşahidəçi qismində Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada, Litva, Niderland, Yeni Zelandiya, Filippin, Fransa, Cənubi Koreya və NATO-nun nümayəndələri dəvət olunub. “Keen Sword” 1986-cı ildən keçirilir, bu, 17-ci təlim olacaq.