Bakı. 20 mart. REPORT.AZ/ Tokio metrosunda zarin qazı ilə törədilən faciənin 21-ci ildönümü ilə əlaqədar tədbirlərə qatılan Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, hökumət əhalinin terror təhlükəsindən müdafiəsi üçün əlindən gələni edəcək.
1995-ci il martın 20-də “Aum Şinrikyo” sektasının üzvlərinin Tokio metrosunun “Kasumiqasike” stansiyasında zarin qazını yayması nəticəsində 13 nəfərin həlak olmuş, 6 mindən çox insanın isə müxtəlif dərəcədə zəhərlənmişdi. Həmin vaxt polis sektanın 30 nəfər rəhbərini həbs etmiş, məhkəmə tərəfindən Şyoko Asahara başda olmaqla onların çoxu barəsində ölüm hökmü çıxarmışdı. Bir il əvvəl sektanın üzvləri Naqano prefekturasının Matsumoto şəhərində də zarin qazını yayaraq 7 nəfərin ölümünə səbəb olmuşdular.
NHK televiziya kanalının Baş nazirin sözlərini sitat gətirdiyi məlumatda deyilir: “Bu hadisədən 20 ildən çox ötsə də, onu unutmaq olmaz. Biz terror təhlükəsinə və belə faciələrin baş verməsinə qarşı tədbirləri davam etdirmək niyətindəyik”.
Ş.Abe zarin qazı ilə hücum zamanı həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verərək, faciənin nəticələrindən bu gün də əziyyət çəkən insanların olmasından təəssüfləndiyini bildirib.
“Aum Şinrikyo” dini sektası 1987-ci ildə Şyoko Asahara (Tizuo Matsumoto) tərəfindən yaradılıb.