Bu gün Venesuelada yerli icra hakimiyyəti, həmçinin regional və bələdiyyə nümayəndəlik orqanlarına regional seçkilər keçiriləcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdə Venesuelanın hakim Vahid Sosialist Partiyasından, eləcə də müxalifət partiyalarından namizədlər iştirak edəcək.
20 milyondan çox seçici 335 şəhər rəhbəri və yerli məclis üzvlərini seçmək üçün 23 ştatda seçki məntəqələrinə gələcək.
Ekspertlər ölkənin 23 ştatının hamısında hakim partiyanın qələbə qazanacağını proqnozlaşdırsalar da, 4 illik boykotdan sonra seçkilərə qatılmağa qərar verən müxalifətin uğur şansının seçici fəallığından asılı olacağını qeyd edirlər.
Səsvermə prosesini Avropa İttifaqının seçki müşahidə missiyasının 34 nümayəndəsinin, eləcə də müxtəlif ölkələrdən 300-ə yaxın müşahidəçinin izləyəcəyi gözlənilir.