Vaşinqton Əfqanıstan milli ordusunun “Taliban” qarşısında uğursuzluğunun səbəbini açıqlayıb

Vaşinqton Əfqanıstan milli ordusunun “Taliban” qarşısında uğursuzluğunun səbəbini açıqlayıb Əfqanıstan ordusunun süqutunu ABŞ-nin hərəkətləri və onun Amerika ordusundan “tam asılılığı” əvvəlcədən müəyyən etmişdi.
Digər ölkələr
19 Aprel , 2023 23:15
Vaşinqton Əfqanıstan milli ordusunun “Taliban” qarşısında uğursuzluğunun səbəbini açıqlayıb

Əfqanıstan ordusunun süqutunu ABŞ-nin hərəkətləri və onun Amerika ordusundan “tam asılılığı” əvvəlcədən müəyyən etmişdi.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin Əfqanıstanda yenidənqurma üzrə baş müfəttişi Con Sopko Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz ABŞ-nin hər bir prezidentinin administrasiyasına dəfələrlə demişik ki, biz Amerika ordusuna bənzəyən və tamamilə ondan asılı olan Əfqanıstan ordusu qurmuşuq. Bəli, bizim əla silahlı qüvvələrimiz var, dünyanın ən yaxşısı. Amma problem ondadır ki, biz savadsız ölkə ilə iş görürdük ... və onu Amerika və Qərbin çox mürəkkəb hərbi texnikasından istifadə etməyə məcbur etdik ki, onlar (Əfqanıstan hərbçiləri – red.) təkbaşına təmir və texniki xidmət göstərə bilmədilər”, - o qeyd edib.

Sopkonun sözlərinə görə, Doha razılaşmasını müzakirə edərkən diqqət, adətən, ABŞ qoşunlarının çıxarılmasına yönəlib, lakin eyni dərəcədə vacib aspekt ABŞ hərbi podratçılarının Əfqanıstandan çıxarılmasıdır:

“Daha sonra Bayden administrasiyası tərəfindən ratifikasiya olunmuş Doha razılaşmasında konkret əks olunub ki, podratçılar getməlidirlər. Biz bilirdik ki, podratçılar gedəndə çöküş baş verəcək”.

Baş müfəttişin fikrincə, Əfqanıstan Milli Ordusu “qəfil öz helikopterlərini təmir edə bilməyəndə” böyük itkilər verməyə başlayıb: “İroniya ondadır ki, əfqanlar köhnəlmiş sovet hərbi texnikasını təmir edə bilirdilər ... lakin biz onlara sovet yerinə amerikan avadanlığı vermək qərarına gəldik”. Onun sözlərinə görə, bu, “əla texnika idi” idi, lakin əfqanların maddi-texniki hazırlığı səviyyəsini “illərlə, onilliklərlə” qabaqlayırdı.

Baş müfəttiş əmindir ki, “2021-ci ilin avqustunda baş verən dramın toxumları ondan çox illər əvvəl səpilib”: “2020-ci ildə Dohada imzalanan razılaşma və 2021-ci ildə qoşunların çıxarılması ilə bağlı sonrakı qərar yalnız uzun müddətdir davam edən problemləri daha da ağırlaşdırdı. Özəlliklə, bu siyasi addımlar Əfqanıstan təhlükəsizlik qüvvələrinin əhvali-ruhiyyəsini kəskin şəkildə aşağı saldı və Əfqanıstan Silahlı Qüvvələrini bizim hərbçi və podratçıların dəstəyindən tam asılılığını artıraraq onları əməliyyat apara bilməyəcək səviyyəyə çatdırdı”.

Xatırladaq ki, sabiq dövlət başçısı Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökuməti və radikal “Taliban” hərəkatı 2020-ci il fevralın 29-da Dohada sülh razılaşması imzalayıb. ABŞ və onun koalisiya müttəfiqləri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxaracağına söz verib. “Taliban” isə, öz növbəsində, amerikalıların və müttəfiqlərinin təhlükəsizliyinə təhdid edən hərəkətlər üçün Əfqanıstan ərazisindən istifadə etməyəcəklərinə zəmanət verib.

Bayden 2021-ci il aprelin 14-də Əfqanıstanda Amerika tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ bu əməliyyata 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə əməliyyatın pik nöqtəsində Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri keçib. ABŞ qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb. ABŞ və NATO-nun əsas döyüş bölmələri 2014-cü ildə oradan çıxarılıb.

ABŞ 2021-ci ilin yazında qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş əməliyyata start verib. 2021-ci il avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən qaçıb və beləliklə, “Taliban” paytaxt Kabilə girərkən müqavimətlə qarşılaşmayıb. 2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək bu ölkədəki 20 illik mövcudluğuna son qoyub.

Son xəbərlər

Orphus sistemi