Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının yaranma səbəblərini araşdırmağa davam edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus yaranan təhlükəli patogenlər üzrə Ekspertlərin Elmi Məsləhət Qrupunun (SAGO) iclasında çıxışı zamanı deyib.
O, xəstəliyin erkən hallarının daha hərtərəfli təhlilinə ehtiyac olduğunu, virusun heyvanlardan insanlara ötürülməsində Uhandakı “Huanan” bazarının rolunu, habelə yoluxmanın ilk qeydə alındığı laboratoriyalarda və digər yerlərdə “potensial biotəhlükəsizlik pozuntuları haqqında daha çox məlumat tələb olunduğunu” qeyd edib.
Qebreyesus əmin edib ki, “ÜST COVID-19 pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq”.
“Bu, təkcə gələcək pandemiyaların qarşısını almağımıza kömək edəcəyi üçün deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçün ÜST üçün prioritetdir”, – baş direktor vurğulayıb.