Ukraynanın Xarkov əyalətində ötən gün “An-26” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bu gün matəm günü elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd edək ki, "An-26" hərbi təyyarəsi cümə günü axşam saatlarında Xarkov əyalətinin Çuquev şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 27 nəfər - 7 heyət üzvü və 20 kursant olub. Kursantlardan biri uçuşa buraxılmayıb.
Son məlumata görə, qəza nəticəsində 25 nəfər həlak olub, 2 kursant xəsarət alıb. Onlar son anda təyyarədən tullanmağa müvəffəq olublar. Həmin şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Bu gün matəmlə əlaqədar Xarkovda dövlət bayraqları endiriləcək.