Bakı. 16 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko "1939-1945-ci illərdə II Dünya müharibəsində nasizim üzərində qələbənin əbədiləşdirilməsi haqqında" qanun imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən, "Böyük Vətən müharibəsi" termini "II Dünya müharibəsi" termini ilə əvəz olunub.
Müvafiq qanun Ukrayna dövlət başçısının saytında dərc olunub.
Sənəd Ukraynanın "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin əbədiləşdirilməsi haqqında" qanununu qüvvədən düşmüş hesab edir və 9 Mayı "II Dünya müharibəsində nasizm üzərində Qələbə günü" adlandırır.
Həmçinin II Dünya müharibəsi illərində həlak olanların yad edilməsi zamanı Sovet rəmzlərindən istifadə qanunla qadağan edilir.
Bundan əlavə, Pyotr Poroşenko Ukraynada kommunist və milli-sosial totalitar rejimləri pisləyən və onların rəmzlərinin təbliğinin qadağan edilməsi haqqında qanun imzalayıb.