Yuxarı

Türkiyədə son 15 ildə şəkərli diabet xəstələrinin sayı 3 dəfə artıb

​2035-ci ilə qədər Türkiyədə şəkərli diabet xəstələrinin sayı bütün Avropa ölkələrindən daha çox olacaq

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyədə son 15 ildə şəkərli diabet xəstələrinin sayı 3 dəfə artıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə dünyada şəkərli diabetin müalicəsində istifadə olunan insulinin təxminən 50 faizini istehsal edən "Novo Noridsk" firmasının Yaxın Şərq Bölgəsi üzrə rəhbər yardımçısı Ole Moelskov Bech bildirib. 

Onun sözlərinə görə, 1998-ci ildə bu ölkədə 2,5 milyon şəkərli diabet xəstəsi olduğu halda, hazırda bu göstərici təxminən 7 milyona yüksəlib: "Türkiyə Avropanın diabet yükünün 13 faizini daşımaqdadır. Beynəlxalq Diabet Federasiyası (BDF) 2035-ci ildə Türkiyədəki diabet xəstələrinin sayının 13 milyona yüksələcəyini təxmin edir. 2035-ci ilə qədər Türkiyədə yaşayan diabet xəstələrinin sayı bütün Avropa ölkələrindən daha çox olacaq".

Ole Moelskov Bech deyib ki, Türkiyədə hər gün təxminən 163 insan şəkərli diabet xəstəliyi səbəbindən ölür. Bu da 2013-cü ildə 59 min 786 insanın ölümünə bərabərdir. 2013-cü ildə Türkiyədə ölümlərin təxminən 60 mini diabetə bağlı səbəblərdən qaynaqlanıb.

O, həyat tərzini dəyişməklə diabetlə bağlı problemlərdən uzaq qalına biləcəyini söyləyərək qeyd edib ki, bunun üçün tərkibində az yağ olan sağlıqlı pəhriz, hər gün yarım saat orta dərəcəli idman və siqaretdən uzaq durmaq vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi