ABŞ-nin 45-ci prezidenti və bu il keçiriləcək seçkilərdə prezidentliyə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.
"ABŞ-nin növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm və bu qədər insanın həyatına son qoyan müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, - Tramp qeyd edib.
Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətindədir. İyunun 27-də ABŞ Prezidenti Cozef Baydenlə seçkiqabağı debatda Tramp söz verib ki, yenidən seçilərsə, 2025-ci il yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl münaqişəni dayandıra biləcək.