Donald Tramp ABŞ Konqresində baş vermiş qarışıqlıqlardan danışdı

Donald Tramp ABŞ Konqresində baş vermiş qarışıqlıqlardan danışdı ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp bildirib ki, ötən həftə ABŞ Konqresində olan qarışıqlıqları pisləyir.
Digər ölkələr
14 Yanvar , 2021 03:21
Donald Tramp ABŞ Konqresində baş vermiş qarışıqlıqlardan danışdı
Donald Tramp

ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp xalqa videomüraciətində bildirib ki, ötən həftə ABŞ Konqresində olan qarışıqlıqları pisləyir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, baş verənlərdən sarsılıb və Konqresdə olan qarışıqlıqlarla əlaqədar kədərlənib.

ABŞ prezidenti bildirib ki, onun əsl tərəfdarları polislərə hücum edə bilməzlər. Tramp söz verib ki, qarışıqlıqların iştirakçıları məhkəmə məsuliyyətinə cəlb ediləcək.

Ağ Ev rəhbəri bütün amerikalıları "ani ehtirasların öhdəsindən gəlməyə" çağırıb.

Qeyd edək ki, yanvarın 6-da Konqresdə baş verən qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub. Konqresin üzvləri bir neçə saatlıq yubanmaya baxmayaraq, Baydenin prezident seçkilərində qələbəsini rəsmi olaraq təsdiq ediblər.

ABŞ-ın hazırkı rəhbəri Ağ Ev tərəfindən yayılan müraciətində Nümayəndələr Palatasındakı impiçment məsələsinə toxunmayıb.

Donald Tramp söz azadlığına olan hücumlara da toxunub. “Son günlər söz azadlığına qarşı şahidi olduğumuz misli görünməmiş hücumlar barəsində də bir neçə söz demək istəyirəm. Bu, gərgin və çətin vaxtdır. Həmvətənlərimizə qarşı senzura, onların adlarını qara siyahıya salmaq cəhdləri düz deyil və təhlükəlidir”, - Tramp müraciətində deyib.

“Biz indi bir-birimizə qulaq asmalı idik, bir-birimizi susmağa məcbur etməməli idik”, - deyə ABŞ rəhbəri əlavə edib.

Daha əvvəl Trampı sosial şəbəkələrdə bloklayıblar.

Son xəbərlər

Orphus sistemi