Tramp Ukraynaya NATO formatında təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını istisna edib
- 15 avqust, 2025
- 16:15
ABŞ Prezidenti Donald Tramp bu gün axşam rusiyalı həmkarı Vladimir Putinlə görüşünün keçiriləcəyi Alyaskaya gedib.
“Report” xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
O, “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, tərəflər Ukrayna məsələsində razılığa gəlməsələr, ABŞ Rusiyaya qarşı çox ciddi iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır.
Tramp Putinlə ərazilər məsələsini müzakirə etməyi planlaşdırdığını söyləyib və hesab edir ki, "bu məsələdə qərarı Kiyev qəbul etməlidir".
Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinə toxunan ABŞ Prezidenti bildirib ki, bu, Avropa və digər ölkələrin iştirakı ilə mümkündür. Bununla yanaşı, o, Ukraynaya NATO formatında təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını istisna etdiyini qeyd edib.
"Bu baş verməyəcək", - o bildirib.
Təyyarənin göyərtəsində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.
Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və başqaları daxil olub.