ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) 2007-ci ildə İranda itkin düşmüş keçmiş əməkdaşı Robert Levinson ölmüş hesab edilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçidiyi brifinqdə bildirib.
Dövlət başçısından Levinson ailəsindən daxil olmuş, ABŞ hakimiyyətinin Amerikanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşının İranda həbsdə ölməsi barədə informasiyanı təsdiq etməyi xahiş ediblər. "Mənim bildiyimə görə, bu barədə onun ailəsinə xəbər verdilər”, - Tramp deyib. "Onlar (İran hakimiyyəti - red) bizə demirdilər ki, o ölüb, amma çoxları düşünür, vəziyyət belədir", - prezident vurğulayıb.
"O, uzun müddət xəstə idi, güc strukturları tərəfindən saxlanılmasından əvvəl (səhhətində-red) ciddi problemləri var idi", - Tramp əlavə edib.
Levinson 2007-ci ilin martında İrana səfəri zamanı yoxa çıxıb. Onu son dəfə Kiş adasında görüblər. Vaşinqton əvvəlcə iddia edirdi ki, Robert Levinson İrana şəxsi işgüzar səfərə gedib. Ancaq “Associated Press” 2013-cü ildə jurnalist araşdırmasının gedişatında müəyyənləşdirib ki, Levinson İrana ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tapşırığı ilə gedib.
Qeyd edək ki, Federal Təhqiqat Bürosu onun barəsində Birləşmiş Ştatlar hakimiyyətinə məlumat verən şəxsə 20 milyon ABŞ dolları pul mükafatı vəd vermişdi.