Tokayev: Qazaxıstan mövcud reallıqlarda BMT-yə alternativ görmür

Tokayev: Qazaxıstan mövcud reallıqlarda BMT-yə alternativ görmür BMT mövcud reallıqlarda alternativsiz qlobal təşkilat olaraq qalır, buna görə də biz onu dəstəkləyəcəyik.
Digər ölkələr
24 aprel 2025 12:18
Tokayev: Qazaxıstan mövcud reallıqlarda BMT-yə alternativ görmür
Kasım-Jomart Tokayev

BMT mövcud reallıqlarda alternativsiz qlobal təşkilat olaraq qalır, buna görə də biz onu dəstəkləyəcəyik.

“Report”un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının XXXIV sessiyasında bildirib.

"Təəssüf ki, dünyada kəskin etimad böhranı fonunda ekstremist ideologiyalara və populizmə qayıdış, radikal ritorikanın güclənməsi, beynəlxalq hüququn devalvasiyası, əsas beynəlxalq institutların eroziyaya uğraması müşahidə olunur. BMT mövcud reallıqlarda alternativi olmayan qlobal təşkilat olaraq qalır, buna görə də biz onu dəstəkləyəcəyik", - K.Tokayev qeyd edib.

O əlavə edib ki, Qazaxıstan müxtəlif ölkələr və regionlar arasında möhkəm dostluq və əməkdaşlıq körpülərinin qurulması, sivilizasiyaların dialoqunun inkişafı üçün böyük səylər göstərir.

"İyirmi ildən çoxdur ki, Qazaxıstanda üç ildən bir bütün əsas konfessiyaların nümayəndələri toplaşır. Bu ilin payızında Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII qurultayının keçirilməsi planlaşdırılır", - prezident bildirib.

"Beynəlxalq münasibətlərdə kəskin etimad çatışmazlığının aradan qaldırılması üçün mənəvi diplomatiyadan əlavə, Qazaxıstan Xalq Assambleyasının fəaliyyətinin təcəssüm etdirdiyi xalq diplomatiyasının böyük potensialından istifadə etmək lazımdır. Münaqişələrin və müharibələrin qarşısını almaq üçün ən yaxşı vasitə müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri arasında birbaşa əlaqələrin və dostluq münasibətlərinin qurulmasıdır. Qazaxıstan Xalq Assambleyası dünyada dialoq və mədəni müxtəlifliyin gücləndirilməsinə töhfə verir", - o əlavə edib.

Orphus sistemi