ABŞ və Avropa Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməkdə kömək etməsindən və bu ölkəyə təkrar ixrac yolu ilə qadağan olunmuş məhsulları tədarük etməsindən narahatdır.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinin məqaləsində deyilir.
“ABŞ və Avropa rəsmiləri Rusiyanın ABŞ və Avropa istehsalı olan məhsulları Ermənistan və Mərkəzi Asiya ölkələri vasitəsilə təkrar ixrac yolu ilə əldə etməsindən getdikcə daha çox narahat olmağa başlayırlar”, – məqalədə qeyd olunur.
Nəşrin məlumatına görə, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədlərindən birində qeyd olunub ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqı (Aİ) ölkələrindən isə 212 faiz daha çox çip və prosessor idxal edib.
"Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib", - NYT yazır.
Ukraynada müharibənin davam etdiyi bir zamanda ABŞ və müttəfiqləri silah sistemləri, pilotsuz uçuş aparatları və tanklar üçün nəzərdə tutulan çiplərin Rusiyanın əlinə keçməməsi üçün paralel mübarizə aparır.
ABŞ və müttəfiqləri Rusiyaya birbaşa olaraq çip satmır. Məqaləyə görə, ABŞ rəsmiləri bəyan edirlər ki, Rusiya yüksək dəqiqliyə malik silahlar üçün komponentlərin böyük hissəsini artıq istifadə edib və indi onları keyfiyyətsiz və ya saxta komponentlərlə əvəz etmək məcburiyyətindədir ki, bu da silahların dəqiqliyini azaldır.
“Lakin ticarət statistikası göstərir ki, digər ölkələr Rusiyanı ehtiyac duyduqları ilə təmin etmək üçün işə qarışıblar”, - məqalədə deyilir.
Beləliklə, məsələn, Ukraynada müharibə başlayandan dərhal sonra Rusiyaya, xüsusən də Çindən çip idxalı yenidən artıb. “Silverado Policy Accelerator” analitik mərkəzinin məlumatına görə, oktyabr və yanvar ayları arasında idxal səviyyəsi müharibədən əvvəlki orta göstəricinin 50 faizini və ya daha artıq təşkil edib.
Rusiyanın məhdudiyyətlərdən yayınmaq cəhdlərinin qarşısını almaq üçün ABŞ və tərəfdaşları Rusiya, İran, Çin, Kanada və digər ölkələrdə onlarla şirkət və təşkilata qarşı sanksiyalar tətbiq edərək öz qaydalarını daim sərtləşdiriblər. Ancaq məqalədə də qeyd edildiyi kimi, proses hələ də müvəffəqiyyətlə davam edir.