Əfqanıstanın paytaxtı Kabulun ətrafındakı kəndlərdən 70-i “Taliban” qruplaşmasının nəzarətinə keçib.
“Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, “Taliban” Kabul ətrafında yerləşən Surobi rayonunun 130 kəndindən 70-nə nəzarət edir.
Adının açıqlanmasını istəməyən Əfqanıstan ordusunun generallarından biri deyib: “Xarici qoşunlar Əfqanıstandan çıxandan sonra müxalifət hərəkatı müxtəlif bölgələrdə, o cümlədən Surobidə KİV-in iddia etdiyi kimi olmasa da gücləniblər. Əfqanıstan Silahlı Qüvvələri bütövlükdə çox pis vəziyyətdədir”.
General əlavə edib ki, Kabul-Cəlalabad şosesi hərəkət üçün açıqdır: “Ölkənin Silahlı Qüvvələri taliblərə müqavimət göstərməyə tamamilə hazırdır”.
Onun sözlərinə görə, ABŞ qoşunlarının qısa müddətdə və tələsik ölkəni tərk etməsi boşluq yaradıb: “Müxalifətin bir sıra rayonları ələ keçirməsinə başlıca səbəb də budur”.
Kabulun qubernatoru Yaqub Heydəri bildirib ki, paytaxtın daha 4 rayonu da təhlükə ilə üz-üzədir: “Ancaq Əfqanıstanın təhlükəsizlik qüvvələri həmin rayonlarda “Taliban”ın fəallaşmasına imkan verməyəcək”.