Yuxarı

​Tacikistan DİN-i bir sıra terror aktlarının qarşısını alıb

Saxlanılan şəxslər sosial şəbəkələr vasitəsilə Suriyada döyüşən həmvətənləri olan İD üzvləri ilə əlaqə yaratdıqlarını etiraf ediblər

Bakı. 24 iyul. REPORT.AZ/ Tacikistanın hüquq-mühafizə orqanları terrorçu "İslam Dövləti" (İD) qruplaşması tərəfindən ölkə ərazisində həyata keçirməsi planlaşdırılan bir sıra terror hücumlarının qarşısını alıb.

"Saxlanılan şəxslər sosial şəbəkələr vasitəsilə Suriyada döyüşən həmvətənləri olan "İŞİD" üzvləri ilə əlaqə yaratdıqlarını etiraf ediblər. Həmin şəxslər deyiblər ki, bu yolla onlar uzun müddət ərzində "İŞİD" üzvlərindən  qruplaşmanın məqsədləri barədə müxtəlif videomateriallar, habelə təlimatlar alıblar", - Daxili İşlər Nazirliyindəki mənbə bildirib. Bu barədə "Report" RİA Novosti-yə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları terror fəaliyyətində şübhəli bilinən daha üç nəfərin izinə düşüblər.

Dövlət televiziyasının yaydığı məlumata görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin keçirdiyi xüsusi əməliyyat zamanı ölkənin dörd regionunda güc strukturları binalarının yerləşdiyi və insanların sıx toplaşdığı yerlərdə bir neçə partlayış təşkil etməyi planlaşdıran ölkə vətəndaşları olan cinayətkar qrupun iki üzvü saxlanılıb. Məlumata əsasən, hüquq-mühafizə orqanları kustar üsulla bomba hazırlamaq üçün materiallar və ekstremist ədəbiyyat saxlanılan bir neçə gizli məntəqəni məhv edib.

"Terror aktlarının məqsədi ölkə ərazisində ictimai-siyasi sabitliyi pozaraq insanlar arasında çaxnaşma salmaq, mülki əhalini qorxutmaq və qarışıqlıq yaratmaqdır", - Daxili İşlər Nazirliyindəki mənbə qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi