Sudanın Baş naziri Abdullah Hamduq istefaya gedib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Baş nazir özü vəzifəsindən istefa verdiyini bildirib. Hökumət rəhbərinin istefaya getməsinə səbəb ölkədəki siyasi böhrandır.
“Baş nazir vəzifəsindən istefa verdiyimi bildirirəm, bu vəzifəni vətənin digər oğul və qızlarının öhdəsinə buraxıram ki, onlar əziz vətənlərini idarə etməyə davam etsinlər, keçid dövrünün qalan vaxtını sivil, demokratik dövlətə keçirsinlər”, - Baş nazir ölkənin dövlət televiziyası tərəfindən yayımlanan müraciətində bildirib.
Ötən ilin noyabrında hərbçilər tərəfindən vəzifəsindən uzaqlaşdırılan Abdullah Hamduq ev dustaqlığından azad edilib və onunla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bundan sonra Baş nazir yenidən hökumətə rəhbərlik edib. Sudan hərbçiləri və devrilmiş Baş nazir onun vəzifəyə qayıtmasını və texnokratik hökumətin qurulmasını nəzərdə tutan siyasi bəyannamə ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, son 2 ayda Sudanda baş verən toqquşmalar zamanı azı 54 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.