“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.
“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.
Raket buraxılışı Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Qeyd edək ki, bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 106-cı, bu ilin əvvəlindən isə 37-ci buraxılışıdır. Cari buraxılışı nəzərə alsaq, “SpaceX” artıq 5 mindən çox belə peyki orbitə çıxarıb. Onlardan bəziləri sıradan çıxıb və ya orbitdən çıxıb. Hazırda orbitdə 4,7 mindən çox cihaz işlək vəziyyətdə qalır.