Bakı. 5 dekabr. REPORT.AZ/ Ukraynanın Sevastopol şəhərində türk əsgərlərinin dağıdılmış məzar daşları, eləcə də memorial siyahısı bərpa olunub.
Bu barədə "Report"a Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətov məlumat verib.
"Türkiyənin Ukraynadakı səfirliyinin səyləri nəticəsində memorialda əsgərlərin məzar daşları, həmçinin Sevastopol hökumət orqanlarının dəstəyilə memorial siyahısı bərpa olunub. Məzar daşları və memorial siyahısının bərpası üzrə işlər oktyabr ayının ortalarında başlayıb və bir aydan artıq müddətə tamamlanıb", - R.Hümbətov bildirib.
Diaspor rəhbəri həmçinin qeyd edib ki, vandalizm faktı ilə bağlı yerli polis tərəfindən təhqiqat aparılır, lakin hələlik heç kim saxlanılmayıb.
Xatırladaq ki, bu ilin oktyabr ayında Sevastopolda Krım müharibəsi zaman həlak olmuş türk əsgərlərinin məzarları təhqir olunub və daşları dağıdılıb. Vandalizm nəticəsində qəbirlərin üzərindəki Türkiyə simvolları - beşguşəli ulduz və ayparalar dağıdılıb və ya tamamilə sökülüb.