Səudiyyə Ərəbistanı Yəmən hakimiyyətini husilərlə danışıqlara başlamağa çağırıb
- 07 aprel, 2022
- 06:20
Səudiyyə Ərəbistanı Yəməndəki hakimiyyəti husilərlə danışıqlara başlamağa çağırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı aprelin 7-də Səudiyyə Ərəbistanının SPA informasiya agentliyi yayıb.
Bildirilib ki, krallıq hakimiyyətin Yəmən Prezidenti Abdurabbih Mənsur Hadidən Prezident Şurasına verilməsini alqışlayıb. Bu qurum beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətin ərazisindəki siyasi qüvvələrdən ibarətdir. Səudiyyə Ərəbistanı həmin hakimiyyəti Yəmənin şimalına nəzarət edən “Ənsari-Allah” (husi qiyamçıları) hərəkatı ilə danışıqlara başlamağa çağırıb.
Məlumata görə, aprelin 7-də Yəmən Prezidenti Abd Rabbu Xadi hakimiyyəti yeni yaradılan Prezident Şurasına təhvil verdiyini bildirib. Şuraya Yəməndəki müxtəlif 8 siyasi və hərbi qüvvələrin liderləri, o cümlədən ölkənin cənubundakı separatçı Cənubi Yəmənin Keçid Şurası daxildir.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin-Salman aprelin 7-də səhər saatlarında şura üzvləri ilə görüş keçirib. O vurğulayıb ki, yeni qurum Yəmən tarixində müharibədən sülhə keçidi üzrə yeni tarixi səhifənin yaranmasında iştirak edəcək.