Serbiyanın hüquq-mühafizə orqanları ölkə prezidenti Aleksandr Vuçiçin dinlənilməsi ilə bağlı cinayət işi qaldırıb.
“Report” xəbər verir ki, bu barədə güc strukturlarındakı özəl mənbələrə istinadən "Veçerne Novosti” qəzeti bildirib.
Məlumata görə, "ciddi məxfiləşdirilmiş iş artıq bir müddətdir araşdırılır". Asayiş keşikçiləri müəyyənləşdirirlər ki, kim kimin göstərişi ilə prezidenti dinləyib. İşi ölkənin Daxili İşlər Nazirliyinin Daxili Nəzarət Sektoru aparır.
Nəşr bildirir ki, prezidentin danışıqlarına qulaq asılması "Konstitusiya quruluşunun devrilməsinə cəhd" maddəsi üzrə ağır cinayət əməli kimi araşdırılır.
Daha əvvəl Vuçiç bildirib ki, onu kifayət qədər uzun müddət dinləyiblər. Bu, il və ya il yarım davam edib və bu barədə sübutları var - şəxsi danışıqların yazıları. Serb lider qeyd edib ki, dinləmələrin arxasında kimin durduğunu bilir.
Daxili İşlər Nazirliyinin başçısı Aleksandr Vulin bu işi araşdırmağa və müqəssirləri tapmağa söz verib. Nazirin fikrincə, prezidentə qulaq asılması onun mafiyaya müharibə elan etməsi ilə bağlıdır.