“Sarı jiletlər” hərəkatının 2 üzvü Fransanın Bezanson şəhərində etiraz aksiyası keçirərək meriyanın binasında Prezident Emmanuel Makronun şəklini sanitar buraxılış sənədlərinin üzərində əks olunan QR-kodla əvəz edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.
Məlumata görə, etirazçılar daha sonra meriya binasını tərk edərək prezidentin portretini cırıblar. Şəklin parçalarını isə yaxınlıqda yerləşən məhkəmə binasının mühafizəçilərinə təqdim ediblər.
Bezanson meriyası prezidentin əvvəlki portretinin yerində dərhal yeni portetin asıldığını, bundan başqa baş vermiş hadisə ilə bağlı polisə müraciət edildiyini açıqlayıb. Prokurorluqda dövlət əmlakının oğurlanması və məhv edilməsi, həmçinin hakimiyyət nümayəndəsinin təhqir olunması şübhəsi ilə əlaqədar araşdırmalara başlayıb.