Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu, Şahzadə Filipin bu gün 100 yaşında vəfat etməsilə bağlı ölkədə matəm elan edilib.
“Report” xəbər verir ki, parlament üzvləri qara qalstuk və qara qol lentləri taxacaqlar.
Mərhumun dəfn edilməsi tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Şahzadə Filip özünün dəfn mərasiminin planı üzərində uzun illər boyu çalışıb. İngiltərə krallıq qaydalarına görə çox ciddi əməl edilən kralın dəfn qaydalarından fərqli olaraq, şahzadələrin dəfni qaydaları nisbətən sərbəst olduğuna görə Şahzadə Filip də dövlət səviyyəsində mərasimdən imtina edərək sadə mərasim keçirilməsi qərarına gəlmişdi.
Belə ki, Vindzor qəsrindəki Müqəddəs Corc kilsəsində icra olunması nəzərdə tutulan cənazə ayininin sırf hərbi üslübda, yalnız qohumların və yaxın dostların iştirakı ilə keçiriləcəyi bildirilir.
Ölkədəki matəm 8 gün, ailənin matəmi 30 gün davam edəcək. Həmin müddət başa çatandan sonra kraliça II Elizabet öz səlahiyyətlərinin icrasına davam edəcək.