Rusiya Qərb dövlətləri tərəfindən yaradılan eskalasiyaya görə beynəlxalq vəziyyətin gərginləşməsindən qorxmur, lakin Qərb dövlətlərinin özünün buna hazır olduğuna şübhə edir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Gərginliyi hər zaman qarşı tərəf yaradır, amma biz bu gərginliyə hazırıq. İndi düşünün görün, gərginliyin artırılması ilə məşğul olan ölkələr buna hazırdırmı?!”, - o deyib.
Putinin sözlərinə görə, bəziləri müxtəlif münaqişə zonalarında - Yaxın Şərqdə, Ukraynada eskalasiya ilə bağlı beynəlxalq vəziyyətin kəskinləşməsindən qorxurlar.
Rusiya prezidenti Qərb ölkələrini neokolonializmdə, ilk növbədə də Afrika ölkələrinə münasibətdə belə bir fəaliyyətdə ittiham edib.
“Hesab edirəm ki, bunlar neokolonializm alətləridir. Çünki ölkələri görünüşdə sərbəst buraxsalar da, yenidən Qərb texnologiyalarından asılı olmağa məcbur edirlər. Kredit verirlər, lakin dəhşətli şərtlərlə, nəticədə də krediti geri qaytarmaq da olmur. Bu, neokolonializmin başqa bir alətidir”, - Putin fikrini tamamlayıb.