Rumıniyada hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir - FOTO

Rumıniyada hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir - FOTO Mitinqdə 60 mindən çox insan iştirak edib
Digər ölkələr
2 Fevral , 2017 01:13
Rumıniyada hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir - FOTO

Buxarest. 2 fevral. REPORT.AZ/ Rumıniyada artıq 2-ci gündür ki, hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxt Buxarestdəki Hökumət evi qarşısında keçirilən mitinqə 60 mindən çox insan qatılıb.

Etiraza səbəb yeni hökumətin yanvarın 31-də Amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair iki qanun layihəsini qəbul etməsidir. Onların fikrincə, bu dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxacaq. Çünki Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Bununla yanaşı şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulur. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 42 min avro dəyərindən az olarsa, həmin şəxsə rüşvət vermə və rüşvət alma, eləcə də korrupsiya maddələri üzrə cinayət işi açıla bilməz.

Etiraz aksiyaları Rumıniyanın Kluj, Sibiu, Timişoara, Braşov və digər şəhərlərində də keçirilir.

Artıq Almaniya, ABŞ, Fransa, Kanada, Hollandiya və Belçika hökumətləri Rumıniya əhalisini korrupsiyaya qarşı mübarizəni davam etdirməyə çağırıblar. Eyni zamanda bu ölkələrin Buxarestdə akkreditə olunmuş səfirləri baş nazir Sorin Qrindyanu ilə görüşmək niyyətindədirlər.

Rumıniya prezidenti Klaus Yohannis də baş nazirə məktubla müraciət edərək hökuməti qəbul etdiyi dəyişikliklərin ləğvinə çağırıb.

Son xəbərlər

Orphus sistemi