Rubio: Avropa Ukraynada nizamlanma məsələsi üçün önəmlidir
- 15 may, 2025
- 20:46
Birləşmiş Ştatlar Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində Avropanın mühüm rolu olduğunu düşünür.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Antalyada Böyük Britaniya, İtaliya, Fransa və Almaniyanın XİN başçıları ilə danışıqlar zamanı bildirib.
“Rubio nazirləri Prezident Trampın Ukraynadakı mənasız qanı dayandırmaq üçün göstərdiyi səylər barədə məlumatlandırıb və vurğulayıb ki, Avropa liderliyi Rusiya və Ukraynanın sürətli və davamlı sülh nizamlanmasına nail olması üçün xoş niyyətlə danışıqlar aparması baxımından çox vacibdir”, - ABŞ-nin xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbərui Temmi Bryus yazılı bəyanatında vurğulayıb.
Onun sözlərinə görə, ABŞ diplomatiyasının rəhbəri və onun həmkarları NATO-nun yük bölgüsü və Avropanın müdafiə xərclərinin artırılmasına təcili ehtiyac olması barədə razılığa gəliblər. “Rubio vurğulayıb ki, Amerikanın hərbi-sənaye şirkətləri transatlantik sənaye kompleksinin tərkib hissəsidir və Avropanın yenidən silahlanma səylərində ikinci plana atılmamalıdır”, - diplomat əlavə edib.