Rubio ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini müqavilə ilə rəsmiləşdirməsinə şübhə ilə yanaşıb

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 00:20
Rubio ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini müqavilə ilə rəsmiləşdirməsinə şübhə ilə yanaşıb

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukraynaya təhlükəsizlik zəmanətlərini rəsmi müqavilə formasında rəsmiləşdirə biləcəyinə şübhə ilə yanaşıb.

"Report" xəbər verir ki, Rubio Parisdə jurnalistlərin müvafiq sualını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, bu cür sazişlərin bağlanması asan olmaya bilər. Əsas maneələrdən biri sənədin ABŞ Konqresində təsdiqlənməsi ilə bağlı çətinliklərdir.

"Belə müqavilələri bağlamaq artıq o qədər də asan deyil", - Dövlət Departamentinin rəhbəri vurğulayıb.

Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara toxunan Rubio Vaşinqtonun münaqişənin diplomatik yolla həllinə kömək etməyə davam edəcəyini, lakin danışıqların uğurla nəticələnəcəyinə zəmanət verə bilməyəcəyini bildirib: "Dəqiq nəticəyə zəmanət verə bilmərəm".

Rubionun sözlərinə görə, ABŞ tərəfi diplomatik nizamlanmaya nail olmaq ümidi ilə yeni təkliflər irəli sürməyə və dialoqa dəstək verməyə davam edəcək.