“Türkiyənin cənubunda “Akkuyu” atom elektrik stansiyasının maşın zallarının tikintisi qrafiki qabaqlayır, dörd qurğudan üçünün tikintisi 2023-cü ildə tamamlanacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Akkuyu Nuclear” ASC-nin baş direktoru Anastasiya Zoteyeva bildirib.
Məlumata görə, dördüncü zalın tikintisinin gələn il tamamlanacağı planlaşdırılır.
Qeyd edək ki, bu gün Mersində AES-in birinci bloku üçün ilk nüvə yanacağının tədarükü mərasimi keçirilməlidir. Rusiya Prezidenti Vladimir Putinin tədbirə videobağlantı vasitəsilə qatılacağı gözlənilir. Səhhəti ilə əlaqədar "Akkuyu" AES-ə səfəri ləğv edilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə videobağlantı ilə iştirak etmək niyyətindədir.
Xatırladaq ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. Stansiyanın layihələndirilməsi, tikintisi, xidmət göstərilməsi, istismarı və istismardan çıxarılmasına cavabdeh olan “Akkuyu Nuclear” şirkətinin əsas səhmdarı Rusiyanın “Rosatom” Dövlət Korporasiyasıdır.