ABŞ Ukraynanı Silahlı Qüvvələrdə hərbi qüvvə çatışmazlığı fonunda ölkədə hərbi çağırış yaşını 25-dən 18-ə endirməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirib.
“Ukrayna rəsmiləri öz hərbi qüvvələri üçün çağırış yaşını 18-ə endirməyi nəzərdən keçirməlidirlər... Ukrayna yetərincə yeni əsgər səfərbər edib təlim keçirmir”, – məlumatda deyilir.
O hesab edir ki, səfərbərlik və Ukrayna Silahlı Qüvvələrinin sayının artırılması döyüş meydanındakı durumu əhəmiyyətli dərəcədə dəyişə bilər.
“İndi bizə işçi qüvvəsi lazımdır. Ruslar, əslində, şərqdə irəliləyiş, davamlı irəliləyiş əldə edirlər və Kursk vilayətində Ukrayna mövqelərini sıxışdırmağa başlayıblar... Bu gün döyüş meydanına baxsaq, səfərbərlik və əlavə işçi qüvvəsi hazırda əhəmiyyətli rol oynaya bilər”, – mənbə bildirib.
Xatırladaq ki, apreldə Ukrayna lideri Volodimir Zelenski Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu imzalayıb. Avqustda Ali Rada səfərbərlik yaşının azaldılmasının planlaşdırılmadığını təsdiqləyib.