Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya ilə birgə Ukraynaya qarşı müharibəyə qoşulma ehtimalı ilə bağlı son bəyanatına cavab verib.
Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində bildirib ki, Belarus hazırda siyasi baxımdan çətin vəziyyətdədir.
“Biz yaxşı anlayırıq ki, Belarus siyasi baxımdan çətin vəziyyətdədir, çünki bu ölkə Rusiyanın mütəfiqidir. O, Rusiyanın Ukrayna ərazisinə hava hücumları həyata keçirməsi üçün öz infrastrukturundan istifadə etməsinə icazə verir. Buraya təmir, təminatla bağlı infrastrukturlar və digər şeylər daxildir. Onlar Rusiyaya zirehli texnikalar veriblər. Biz belə başa düşürük ki, Lukaşenko dəqiqləşdirərək bildirib ki, Belarus yalnız öz ərazisində hərbi əməliyyatlara qoşulacaq. Birincisi, Ukraynanın həm Belarus, həm də Rusiya ərazisinə daxil olmaqla bağlı hədəfləri yoxdur. İkincisi, biz Belarusda cərəyan edən hadisələrlə bağlı daim yenilənən kəşfiyyat məlumatları əldə edirik. Biz orada hücum qüvvələrinin formalaşmasını müşahidə etmirik.
Bilirsiniz, müharibə təkcə müəyyən ərazidən hər hansı istiqamətə hücuma keçməklə bağlı planlar deyil, həm də hərbi texnika, təminat vasitələri ilə təchiz edilən müəyyən sayda insanların hazırlığı deməkdir. Bu o deməkdir ki, Belarus ərazisindən effektiv hücumun həyata keçirilməsi üçün orada 7-8 min nəfərlik hərbi qulluqçular formalaşdırılmalıdır. Üstəlik, onlar 1 500-2 000 müxtəlif növ zirehli texnikaya, 500-600 artilleriya qurğularına malik olmalıdır. Biz belə bir qrupun formalaşdırıldığını müşahidə etmirik. Doğrudur, Belarusa mütəmadi olaraq poliqonlarda hazırlıq keçən rusiyalı hərbi qulluqçuların, məsələn qismən səfərbərlik dövründə orduya cəlb edilmiş hərbçilərin gəldiyini görürük. Amma Belarusun quruda hərbi əməliyyatlara hazırlıq həyata keçirdiyini müşahidə etmirik”- müşavir deyib.
M.Podolyak vurğulayıb ki, Aleksandr Lukaşenko mütəmadi olaraq informasiya istiqamətində işləmək, müharibənin hibrid komponentində iştirak etmək istəyir: “Bununla o, Rusiya siyasi elitasına, Ukraynada aparılan müharibəyə loyallıq göstərir. O, Rusiyanın Ukrayna ərazilərinin işğalında informasiya dəstəyi baxımından vacib rol oynayır. Buna görə də mütəmadi olaraq bu istiqamətdə bəyanatlar verir. Bununla bir tərəfdən öz vətəndaşlarını sakitləşdirməyə - ölkədə səfərbərliyin həyata keçirilmədiyi barədə bəyanat vermişdi - daxili vəziyyəti nəzarətdə saxlamağa, digər tərəfdən Rusiyaya göstərir ki, onun Ukrayna ərazisindəki hərəkətlərinə maksimum dərəcədə loyaldır. Yəni o, bu müharibənin hansı “qaydalarla” aparıldığını anlayır”.