Bakı. 20 sentyabr. REPORT.AZ/ İspaniyanın vətəndaş qvardiyası sentyabrın 20-də Kataloniyanın “müstəqilliyi haqqında” referendumuna aid 10 milyona yaxın səsvermə bülletenini müsadirə edib.
“Report” xəbər verir ki, bu haqda yerli “El Periodico” qəzeti məlumat yayıb.
İnformasiyaya əsasən, bu bülletenlər Kataloniyanın Biqes-i-Riels yaşayış məntəqəsindəki mətbəədə keçirilən axtarış zamanı aşkar edilib. Hüquq-mühafizə orqanının əməkdaşları mətbəənin iki işçisini tutub.
Məlumata görə, bir müddət əvvəl qvardiyaçıların Kataloniya hökumətinin bir neçə departamentində keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində 12 nəfər, o cümlədən iqtisadiyyat və vergi idarələrinin başçılarını tutublar.
Qeyd edək ki, Kataloniya hökuməti oktyabrın 1-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Rəsmi Madrid əyalətin bu tədbirinin İspaniya Konstitusiyasına zidd olduğunu bildirib.