Qvineya-Bisau hökumətinin üzvləri silahlılar tərəfindən ələ keçirilən binanı tərk ediblər, lakin prezident Umaru Şisoko Embalo və baş nazir Nuno Nabiamanın harada olduğu məlum deyil.
"Report" xəbər verir ki, bu barədə "Lusa" agentliyi Qvineya-Bisaudakı hökumət mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, prezident Umaru Şisoko Embalo Nazirlər Şurasının növbədənkənar iclasını keçirmək üçün hökumət evinə gəlib. Bir müddət sonra mülki geyimli şəxslər binaya gələrək avtomat silahlardan və qumbaraatanlardan atəş açıblar.
Xatırladaq ki, Portuqaliyanın keçmiş müstəmləkəsi olan Qvineya-Bisauda 1973-cü ildə müstəqillik əldə etdikdən sonra doqquz hərbi çevriliş baş verib.
Qvineya-Bisauda dövlət çevrilişinə cəhd nəticəsində azı 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın "Lusa" xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl KİV prezident və baş nazirin iştirakı ilə Nazirlər Şurasının növbədənkənar iclasının keçirildiyi ölkənin paytaxtı Bisauda Qvineya-Bisau hökumətinin binası yaxınlığında atışma səslərinin eşidildiyi barədə məlumat yayıb.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) bundan əvvəl ölkədə baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb. Afrika Birliyi Qvineya-Bisauda dövlət çevrilişinə cəhddən narahat olduğunu bildirib və hərbçilərdən saxlanılan məmurları azad olunmasını tələb edib.
Qvineya-Bisauda prezidentin olduğu hökumət binasının yaxınlığında atışma olub.
"Report" xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Məlumata görə, prezident və baş nazirin iştirakı ilə Nazirlər Şurasının növbədənkənar iclasının keçirildiyi vaxt atışma səsləri eşidilib.
Bildirilir ki, Şuranın iclası atışma səbəbindən yarımçıq qalıb. Şəhərin mərkəzində atışma barədə məlumat yayıldıqdan sonra çaxnaşma başlayıb.
Baş verən atışma ilə əlaqədar Qvineya-Bisau paytaxtında hərbçilərin sayı artırılıb. Dövlət idarələrinin ətrafında nəzarət sistemi gücləndirilib.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Qvineya-Bisauda baş verən atışmadan narahatlığını bildirib, orada baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb.
"ECOWAS çevriliş cəhdini pisləyir və ordunun prezident Umaro Şisoko Embalonun və onun hökumət üzvlərinin fiziki toxunulmazlığına görə məsuliyyət daşıdığını bildirir", - birliyin bəyanatında deyilir.