Qvatemala parlamenti korrupsiyada ittiham olunan prezidentin istefasını qəbul edib

Qvatemala parlamenti korrupsiyada ittiham olunan prezidentin istefasını qəbul edib Məhkəmə qərarına əsasən prezident ifadə vermək üçün prokurorluğa gəlməlidir
Digər ölkələr
4 Sentyabr , 2015 01:15
Qvatemala parlamenti korrupsiyada ittiham olunan prezidentin istefasını qəbul edib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Qvatemala prezidenti Otto Peres Molina məhkəmənin onun barəsində çıxardığı həbs qərarından sonra istefaya gedib. Qərar prezidentin büdcəyə bir neçə milyon dollar həcmində zərər vuran korrupsiya sxemində əli olduğu barədə prokurorluqda şübhələrin yaranmasından sonra verilib.

"Report" BBC telekanalına istinadən xəbər verir ki, Qvatemala parlamenti artıq dövlət başçısının istefasını qəbul edib.

Məhkəmə qərarına əsasən prezident ifadə vermək üçün prokurorluğa gəlməlidir. Yalnız bundan sonra onun istintaq müddətində nəzarət altına alınacağı və ya azadlıqda qalacağı barədə qərar çıxarılacaq. Bununla yanaşı, Peres Molinaya artıq ölkəni tərk etmək də qadağan olunub.

İstintaqın versiyasına görə, Peres Molina və bir sıra digər yüksək vəzifəli dövlət məmurları ölkəyə gətirilən malların vergidən azad olunması müqabilində biznesmenlərin gömrüyə verdiyi rüşvətdən pay alırmış.

Prezidentin vəkilləri isə öz növbəsində bütün bu ittihamları rədd edirlər. Peres Molinanın nümayəndəsi onun istintaqdan yayınmaq fikrində olmadığını və məhkəmədə iştirak edəcəyini bildirib.

Qvatemalada növbəti prezident seçkilərinin gələn ilin yanvarında keçirilməsi planlaşdırılır. Peres Molina bu seçkilərdə iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi