“Müstəmləkəçiliyə son qoyulmalıdır”.
"Report" xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq. Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”, - o bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.