Qırğızıstanın Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklər üzrə referendumun ilkin nəticələri haqqında məlumat yayıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
İlkin məlumatlara görə, səsvermədə 1 294 076 seçici və ya səsvermə hüququ olanların 35,9%-i iştirak edib.
Etibarlı bülletenlərin sayı 1 204 946-dır. Bu, ümumi bülletenlərin 93%-i deməkdir. Qeyd edilir ki, bülletenlərin 89 830-u və ya 6,94%-i etibarsız hesab edilib.
Səsvermələrdə iştirak edənlərin 1 026 917-si və ya 79,31%-i Konstitusiyaya dəyişikliklərin lehinə səs verib.
Seçicilərin 176 701-i və ya 13,65%-i dəyişikliklərin əleyhinə çıxıb.
Aprelin 11-də ölkə ərazisində yerli vaxtla səhər saat 8-dən axşam saat 20-ə qədər 2 483 seçki məntəqəsi fəaliyyət göstərib. Daha 48 məntəqə ölkədən kənarda – 28 ölkədə açılıb. Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilib.
Yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendum sayca doqquzuncudur.