Bakı. 17 yanvar. REPORT.AZ/ Dünən Bişkek yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin göyərtəsində terror aktı olması versiyası istisna edilib.
"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Kursan Asanov bildirib.
Onun sözlərinə görə, qəzaya uğramış təyyarənin qalıqlarında partlayıcı izləri tapılmayıb.
Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbilə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub. Təyyarə aeroporta 2 km məsafə qalmış qəzaya uğrayıb.