Yuxarı

QDİƏT Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək

Milli Məclisin deputatları müzakirələrdə iştirak edərək gündəlikdəki bütün məsələlərə münasibət bildirəcəklər

Bakı. 7 İyun. REPORT.AZ/ İyunun 8-10-da Moldovanın paytaxtı Kişineu şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları – QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelin iclasda iştirak edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Assambleyanın 52-ci büro iclası keçiriləcək. Sonra Moldova parlamentinin binasında daimi komitənin 45-ci iclası işə başlayacaq. İclasda Parlament Məclisinin hesabatı dinləniləcək, QDİƏT PM-in statusunun artırılması məsələsinə baxılacaq. Qurumun birinci yarımillikdə beynəlxalq tədbirlərdə iştirak etmiş və işgüzar səfərlərdə olmuş nümayəndələri daimi komitədə hesabat verəcəklər. Musa Quliyev sədri olduğu iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin yarımillik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edəcək.

Baş Assambleyanın ikigünlük 45-ci plenar iclasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Musa Quliyev “QDİƏT 2012-nin iqtisadi gündəliyinin həyata keçirilməsində parlamentlərin töhfəsi: cari vəziyyət və perspektivlər” mövzusunda ümumi diskussiyalara qatılacaq. Sonra o, QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin sədri qismində “QDİƏT-ə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişafı və möhkəmlənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzəyə dair tövsiyə qərarını təqdim edəcək.

İclasda hüquqi, siyasi, mədəni, təhsil və sosial sahələri əhatə edən məsələlərə də baxılacaq. Həmçinin “QDİƏT-ə üzv dövlətlərdə seçkilərə dair qanunvericiliyin əsas prinsipləri, oxşarlıqlar və fərqlər”, “QDİƏT regionunda məşğulluğun və sosial birliyin inkişafında idmanın rolu” mövzularında məruzələr dinləniləcək, tövsiyə qərarları qəbul olunacaq.

Milli Məclisin deputatları müzakirələrdə iştirak edərək gündəlikdəki bütün məsələlərə münasibət bildirəcəklər.

Sonda təşkilati məsələlərə baxılacaq, QDİƏT PM sədrinin müavinləri və baş katibinin müavini vəzifələrinə seçkilər olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi