Bakı. 10 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, bununla bağlı sənəd Ukrayna dövlət başçısının saytında yerləşdirilib.
Sərəncama əsasən, Mixail Saakaşvili Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri vəzifəsindən xaric edilib. Poroşenko həmçinin Saakaşvilini Ukrayna prezidentinin müşaviri vəzifəsindən də azad edib.
Qeyd edək ki, Saakaşvili bazar ertəsi günü hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparmaq istəməməsini iddia edərək istefaya getmək niyyətində olduğunu bildirib. O, həmçinin Poroşenkonu regiondakı cinayətkar klanlara himayədarlıqda da ittiham edib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Odessa vilayətinin qubernatoru vəzifəsinə 2015-ci ilin 15 mayında təyin edilib. Onun bu vəzifəyə təyin edilməsi Poroşenkonun Saakaşviliyə regionda korrupsiyaya qarşı mübarizə aparmaqda böyük ümidlər bəsləməsini bildirdikdən sonra reallaşıb.