Polşada koronavirusa yoluxmalardakı dalğalanmalarla əlaqədar olaraq, şənbə günündən ölkədə lokdaun tətbiq olunacaq.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Niedzelski mətbuat konfransında bildirib.
O, teatrlar, kinoteatrlar, alış-veriş mərkəzləri, mehmanxanarın bağlanacağını, məktəblərin onlayn tədrisə keçəcəyini deyib.
“Bundan belə yalnız bölgələrdə məhdudiyyətlərlə irəli gedə bilmərik. Yeganə çarə həmin məhdudiyyətləri bütün Polşaya şamil etməkdir. Bununla pandemiyanı yüngülləşdirmək, yaxud ən azı üçüncü dalğanı yavaşlatmaq mümkün olmasa, növbəti addım kimi xalis lokdaun, yəni hər yerdə hər şeyi bağlamaq olacaq”, - deyən nazir yeni yoluxmaların 52 faizinin Böyük Britaniya ştammının payına düşdüyünü də qeyd edib.
Ölkədə bu gün 25 062 yoluxma halı qeydə alınıb ki, bu da ilin əvvəlindən bu yana ən yüksək gündəlik rəqəmdir. Həmçinin bu gün 38 milyonluq ölkədə 453 koronavirus xəstəsi dünyasını dəyişib. İndiyədək Polşada 1 956 974 nəfər koronavirusa yoluxub, bunların 48 032-si ölüb.