Buxarest. 10 iyun. REPORT.AZ/ “Biz hesab edirik ki, NATO-nun şərq cinahında təhlükəsizlik ABŞ və alyans qüvvələri hesabına gücləndirilməlidir".
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşjukovski rumın və türk həmkarları Lazar Komanesku və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Vitold Vaşjukovski bildirib ki, Polşa, Rumıniya və Türkiyənin ümumi problemləri var və onların həlli istiqamətində təklifləri də mövcuddur.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu NATO-nun terrorizmə qarşı mübarizəni gücləndirməsini, onun rumıniyalı həmkarı Lazar Komanesku isə Avro-Atlantik məkanın təhlükəsizliyi üçün Qara dənizin strateji əhəmiyyətini və Şimali Atlantika Alyansının şərq tərəfdaşlarına münasibətdə əməkdaşlıq və koordinasiyasını önə çəkiblər.
Nazirlərin üçtərəfli görüşündə müzakirə olunan əsas mövzular NATO-nun 8-9 iyul tarixlərində Varşavadakı sammitinə hazırlıq, eləcə də regional səviyyədə əməkdaşlıq, mövqelərin yaxınlaşdırılması və digər məsələlər olub.
Görüşdə, həmçinin Rumıniya-Polşa-Türkiyə formatında növbəti üçtərəfli məsləhətləşmələrin bu ilin ikinci yarısında Rumıniyada keçirilməsi qərara alınıb.
Xatırladaq ki, xarici işlər nazirləri səviyyəsində bu cür məsləhətləşmələr 2012-ci ildən Rumıniya tərəfinin təşəbbüsü ilə keçirilir.