İfrat sağçı “Almaniya üçün Alternativ” partiyasının lideri Alisa Vaydel “Brexit”i ölkə üçün model adlandırıb və hakimiyyətə gələcəyi təqdirdə Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı referendumun keçirilməsinə təşəbbüs göstərəcəyini bildirib.
“Report” xəbər verir ki, o, bu barədə “The Financial Times”a müsahibəsində bildirib.
A.Vaydel bir sıra Aİ institutlarında, xüsusən də Avropa Komissiyasında islahatlara ehtiyac olduğunu qeyd edib: “Amma bu, mümkün olmasa, Aİ-yə üzv ölkələrin suverenliyini bərpa edə bilməsək, Böyük Britaniyanın etdiyi etməliyik. Yəni insanların bununla bağlı qərar verməsinə şərait yaratmalıyıq”.
Onun sözlərinə görə, partiyası yarandığı dövrdən, yəni 2013-cü ildən bəri Aİ-nin səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarı olub.