Yuxarı
    Bağlamaq

    Parisin səsvermə məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib

    Paytaxtın seçki məntəqələrində gərginlik müşahidə olunur© Foto: Report.az

    Paris. 23 aprel. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərinin seçki məntəqələrində gərginlik müşahidə olunur.

    "Report"un Fransa bürosu xəbər verir ki, bir neçə gün əvvəl Yelisey çöllərində baş vermiş terror aktından sonra ölkə paytaxtında keçirilən prezident seçkilərində iştirak edən seçicilərin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi tədbirlər həyata keçirilir.

    Belə ki, səsvermə məntəqələrinə daxil olan seçicilər xüsusi nəzarət altına alınır, onların çantaları yoxlanılır.

    Hazırda 50 min polis, 7 min hərbçi ilə yanaşı, özəl şirkətlərin 800 təhlükəsizlik agenti də təhlükəsizlik tədbirlərinə cəlb olunub. Əgər terror aktından əvvəl Parisin 896 seçki məntəqəsində 191 təhlükəsizlik agentinin tədbirlərdə iştirakı nəzərdə tutulmuşdusa, hazırda bu rəqəm 400-ə çatdırılıb. Bütün bunlarla yanaşı, seçki məntəqələrindən birbaşa yığılan xüsusi telefon nömrələri də istifadəyə verilib.

    Qeyd edək ki, təhlükəsizlik qüvvələri Fransanın cənub-şərqində yerləşən Bezanson şəhərində seçki məntəqələrindən birini iki saat bağlı saxlamaq məcburiyyətində qalıblar. Buna səbəb minik avtomobilinin seçki məntəqəsinə çırpılması olub. Hadisədən sonra iki naməlum şəxs avtomobildən düşürək qaçıb.

    Araşdırmalar zamanı məlum olub ki, saxta nömrə daşıyan avtomobil hələ 2007-ci ilin 15 martında oğurlanıb. Bundan sonra seçki məntəqəsində səsvermə prosesi bərpa edilib.

    Qeyd edək ki, ölkə üzrə seçici fəallığı 69 faizə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi