Bakı. 10 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə, 2015-ci ildə təşkil olunan terror hücumları nəticəsində həyatını itirənlər üçün anım mərasimi keçirilib.
Anadolu Agentliyi bildirir ki, Parisin Respublika Meydanında təşkil olunan mərasimə Fransa Prezidenti Fransua Olland, baş naziri Manuel Vals, həmçinin ölkənin bir sıra hökumət üzvləri qatılıblar.
Tədbirdə ötən il Fransada baş vermiş terror hadisələri zamanı öldürülən insanların xatirəsinə hazırlanan lövhənin açılışı olub. Lövhənin üzərində "2015-ci ilin yanvar və noyabrındakı terrorçu hücumları qurbanlarının xatirəsinə. Fransız xalqı onları ehtiramla anır" ifadəsi yer alıb.
Qeyd edək ki, 2015-ci il yanvarın 7-də Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücum nəticəsində 10-dan çox insan həyatını itirib. Noyabrın 13-də Parisdə təşkil olunan terror hücumlarında isə 130 nəfər ölüb, 351 nəfər yaralanıb.