Yuxarı
    Bağlamaq

    Özbəkistanın ilk prezidentinin adına xeyriyyə fondu açılıb

    Fondun planlarına Özbəkistanın ilk prezidentinin muzeyinin yaradılması, İslam Kərimov haqqında əsərlərin nəşri daxildir

    Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillayeva anası Tatyana Kərimova ilə birlikdə İslam Kərimov adına ictimai xeyriyyə Fondu yaratdıqlarını bildirib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Lola Kərimova-Tillayeva bu gün "Facebook"dakı səhifəsində yazıb.

    Onun sözlərinə görə, fondun planlarına Özbəkistanın ilk prezidentinin muzeyinin yaradılması, İslam Kərimov haqqında əsərlərin nəşri, eləcə də Özbəkistan tarixi, mədəni və ədəbi irsinin ölkə daxilində və xaricində təbliği daxildir.

    Fond müxtəlif elmi-maarifləndirici və mədəni proqramlar həyata keçirmək niyyətindədir. Buraya istedadlı gənclərin ən yaxşı yerli və xarici universitetlərdə təhsil almaları üçün qrantların verilməsi, ölkədə elmi-tədqiqat fəaliyyətinə dəstək verilməsi, eləcə də məşhur və gənc özbək ustalarının sərgilərini təşkil etmək daxildir.

    Xatırladaq ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında vəfat edib. Müvəqqəti olaraq dövlət başçısı vəzifəsini isə Şavkat Mirziyoyev icra edir. Ölkədə prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi