Oman tarixində ilk dəfə tax-tacın varisinin kimliyi əvvəlcədən elan edilib.
“Report” xəbər verir ki, bu barədə Oman sultanı Heytəm bin Tariq Al Səidin dəftərxanası məlumat yayıb.
Ölkə tarixində ilk dəfədir sultan böyük oğlu Di Yazan bin Heytəmi taxt-tacın varisi elan edib. Hazırda o, gənclər, mədəniyyət və idman naziridir.
Məsələ ilə bağlı sultanlığın qanunvericiliyində dəyişiklik ediləcək. Omanın mövcud konstitusiyasına əsasən, yetkinlik yaşına çatan, imanlı və sağlam ailə üzvü sultan ola bilər. Ancaq dəyişiklikdən sonra həmin maddə belə olacaq: monarxın böyük oğlu, böyük oğlunun böyük oğlu və s. taxt-tac sahibi ola bilər.
Qeyd edək ki, Oman sultanı Heytəm bin Tariq Al Səid 1954-cü il oktyabrın 13-də anadan olub. O, Əl-Səid sülaləsinin üzvüdür. 2020-ci il yanvarın 11-dən sultandır. İki oğlu, iki qızı var.