Obama Kapitoli basqınını ABŞ üçün böyük biabırçılıq adlandırıb

Obama Kapitoli basqınını ABŞ üçün böyük biabırçılıq adlandırıb “Tarix haqlı olaraq Kapitoli vəhşiliyini millətimiz üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”.
Digər ölkələr
7 Yanvar , 2021 11:38
Obama Kapitoli basqınını ABŞ üçün böyük biabırçılıq adlandırıb
Barak Obama

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda Kapitoli təpəsində baş verən hadisələr barədə bəyanatla çıxış edib.

“Report” RBK-ya istinadən xəbər verir ki, o, hazırkı prezidentin təhriki ilə həyata keçirilən Konqres binasına basqının ABŞ tarixinə böyük biabırçılıq anı kimi düşəcəyini söyləyib.

“Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə yaranan bugünkü Kapitoli vəhşiliyini millətimiz üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”, - Obama “Twitter”də yazıb.

Obamanın fikrincə, mövcud şəraitdə respublikaçılar ilk addımı özləri atmalı və aranı sakitləşdirməlidirlər. O, Respublikaçılar Partiyasının Prezident Donald Trampın siyasətinə qarşı çıxan tərəfdarlarını dəstəkləyib.

Obamadan başqa, bir neçə keçmiş ABŞ prezidenti də Vaşinqtonda baş verənləri qınayıb. Bill Klinton Tramp tərəfdarlarının Kapitoliyə basqının eyni zamanda bütün ölkəyə və Konstitusiyaya hücum olduğunu söyləyib. “Bu hücum qəsdən dezinformasiya yayan, siyasi sistemimizə inamsızlıq səpən və amerikalıları bir-birinə qarşı yönəldən, dörd ildən çoxdur aparılan zəhərli siyasətdən qaynaqlanıb”, - Klinton vurğulayıb. O, Konstitusiyada nəzərdə tutulduğu kimi, hakimiyyətin dinc yolla ötürülməsinin başa çatdırmasını tələb edib.

Kiçik Corc Buş isə Kapitolidəki hadisələri izləyərkən gözlərinə inanmadığını söyləyib. “Bu, seçki nəticələrinə hansısa banan ölkəsində edilən etiraz idi, bizim ölkədə belə şey ola bilməz. Seçkidən sonra bəzi siyasi liderlərin ehtiyatsız davranışları və bu gün qurumlarımıza, adət-ənənələrimizə və hüquq-mühafizə orqanlarımıza göstərilən hörmətsizlik məni şoka saldı”, - o bildirb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Hazırda Vaşinqtonda kommendant saatı tətbiq edilir, şəhərdə küçəyə çıxmaq qadağandır. Vəziyyət polisin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi