Nyu-Yorkda terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralı var - YENİLƏNİB-2

Nyu-Yorkda terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralı var - YENİLƏNİB-2 Hadisəni törədən şəxsin Özbəkistan vətəndaşı olduğunu bildirilir
Digər ölkələr
1 Noyabr , 2017 01:29
Nyu-Yorkda terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralı var - YENİLƏNİB-2

Bakı. 1 noyabr. REPORT.AZ/ Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12-dən çox yaralının olduğu bildirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu meqapolisin meri Bill de Blazio mətbuat konfransında deyib.

Polisin rəsmi məlumatına görə, cani bir saatlıq icarə götürdüyü yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub. Şübhəli şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi hücumu tək təşkil edib. KİV saxlanılan şəxsin Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipov olduğunu yazır. Şəhər rəhbərliyi isə rəsmi olaraq şübhəli şəxsin kimliyini açıqlamır.

Hakimiyyət dairələri kişinin qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırıblar.


***01:19

Bakı. 1 noyabr. REPORT.AZ/ Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində azı 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər hakimiyyət dairələrinə istinadən ABC telekanalı məlumat yayıb.

CBS-in məlumatına görə, hakimiyyət insidenti terror aktı kimi araşdırır.


***23:58

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində (Manhetten) naməlum şəxs atəş açıb.

"Report" "NBC News"a istinadən xəbər verir ki, insident nəticəsində yaralananlar var.

Yerli polisin məlumatına görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

Hazırda insidentin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi